Azərbaycanın qısa müddət ərzində keçid dövrünü arxada qoyaraq, Cənubi Qafqaz regionunun ən dinamik, sabit və hər cəhətdən qüdrətli dövlətinə çevrilməsi faktının özü Ulu öndərimizin inkişaf strategiyasının yeni tarixi mərhələdə inamla davam etdirilməsinin əyani sübutudur.
Belə bir məqama da diqqəti cəlb etmək istərdik ki, İlham Əliyevin həyata keçirdiyi inkişaf strategiyası yalnız müəyyən, konkret nəzərdə tutulmuş sahələrdə kəmiyyət artımına nail olmaq motivindən tamamilə uzaqdır; bu strategiyanın məğzində xalqımızın həyat quruluşunun bütün sahə və tərəflərini əhatə edən hərcəhətli, kompleks tərəqqi ideyası durur. Belə bir ideya Azərbaycan xalqının ictimai-siyasi, sosial-iqtisadi, mədəni, elmi inkişafının harmonik sintezini, fundamental göstəricilər üzrə qlobal rəqabətə qabil toplumun formalaşmasını nəzərdə tutur.
Əslində həqiqi müstəqillik, xalqın gerçək azadlığı da böyük ölçüdə məhz bu amillə şərtlənir: bugünkü qloballaşan dünyamızda çağdaş siyasi təfəkkür və iqtisadi səriştəlilik nümayiş etdirməyən toplum inkişafın magistral yolundan kənarda qalmağa, ətalət və tənəzzülə, son nəticədə isə qlobal güclərin faktiki müstəmləkəsinə çevrilməyə məhkumdur.
Biz əminliklə söyləyə bilərik ki, dünyada yetərincə mürəkkəb siyasi proseslərin cərəyan etdiyi, iqtisadi böhran və depressiyaların geniş miqyas kəsb etdiyi, hərbi qarşıdurmaların, sosial və geosiyasi münaqişələrin təhlükəli həddə çatdığı bir zamanda Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, inkişafın Azərbaycan modelinin nümayiş etdirilməsi olduqca incə siyasi manevrlərə imkan verən fitri idarəetmə istedadı, güclü iradə və analitik zəka tələb edir; sadalanan qabiliyyətlər fövqəladə dolaşıq və ziddiyyətli qlobal siyasi konfiqurasiyada inkişaf prioritetlərini düzgün seçməyi, dövlətçiliyə qarşı yönəlmiş əsaslı təhdid və çağırışlara adekvat cavab strategiyasını hazırlamağı şərtləndirir. Özü də belə strategiya situativ, konyunktura səciyyəli olmayıb, dövlətin orta və uzunmüddətli perspektivlərinin aydın dərkinə əsaslanmalıdır.
İlham Əliyev fenomeninin ən böyük özəlliyi ondadır ki, o, sadəcə Heydər Əliyevin strateji prinsiplərinin varisliyini təmin etməmiş, eyni zamanda bu prinsiplərə yaradıcı şəkildə, novatorcasına yanaşaraq, onlara yeni siyasi zamanın ölkəmiz qarşısında qoyduğu məqsəd və vəzifələrə uyğun olaraq yeni məzmun vermişdir.
Azərbaycan prezidentinin strateji təfəkkürü, dərin analitik qabiliyyətləri, istənilən situasiyada ən optimal qərar çıxarmaq keyfiyyətləri tarixi qələbəmizlə başa çatmış İkinci Qarabağ savaşında, habelə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə yekunlaşmış sonrakı proseslərdə özünü parlaq şəkildə göstərmişdir.
İlham Əliyev cənabları istər hərbi əməliyyatların idarə olunmasında, istər xarici-siyasi manevr və gedişlərində, istərsə də beynəlxalq media qurumları ilə mütəmadi ünsiyyət və təmaslarında görkəmli siyasi xadimə xas olan xüsusiyyətlər nümayiş etdirmiş, qarşısına qoyduğu strateji hədəflərə çatmaq istiqamətində “virtuoz” deyə səciyyələndirə biləcəyimiz addımlar atmışdır.
Təsadüfi deyildir ki, öz adını “Müzəffər sərkərdə” və “Qarabağ fatehi” kimi tariximizə qızıl hərflərlə yazdırmış İlham Əliyev şəxsiyyəti dünyanın aparıcı siyasi çevrələri tərəfindən yüksək qiymətləndirilməkdədir: Azərbaycan prezidentinin siyasi yaradıcılığı xüsusi öyrənilməkdədir. Ümidvarıq ki, İlham Əliyev cənabları bundan sonra da misilsiz uğurlara imza atmağa davam etməklə, ölkəmizi yeni zirvələrə daşıyacaq.
Abasov Elnur Ədalət oğlu
İctimai Xadim.