2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycanın döyüş mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı.Bu, yaxın hərb tariximizin parlaq səhifəsi – Aprel döyüşləri kimi tarixdə iz qoydu
2-5 aprel tarixlərində baş verən bu döyüşlər zamanı Milli Ordu Ermənistanın Qarabağdakı hərbi təxribatlarına əks-zərbə ilə cavab verərək Tərtər rayonunun Talış və Cəbrayıl rayonunun Lələtəpə adlanan mühüm strateji yüksəkliklərini düşmən işğalından azad etmişdi. Azad edilmiş 2 min kvadrat kilometr ərazi ilə yanaşı, yeni mövqelərdən Qarabağın işğal altındakı minlərlə hektar sahəsinə vizual nəzarət də ordumuza üstünlük qazandırıb.
Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza qələbə sevinci yaşatdı, tariximizə şanlı səhifə kimi yazıldı. Bu zəfər Azərbaycan əsgərinin döyüş və mənəvi-psixoloji hazırlığının, qələbə əzminin yüksək olduğunu nümayiş etdirdi, dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini, vətənpərvərliyini, Azərbaycanın heç vaxt işğalla barışmayacağını, ərazi bütövlüyünü bərpa etmək əzmində olduğunu bir daha göstərdi.
Aprel zəfəri 44 günlük Vətən müharibəsindəki parlaq qələbənin, torpaqlarımızın azad olunmasının və böyük qayıdış salnaməsinin başlanğıcı idi. Lələtəpə yüksəkliyinin azad edilməsi nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mülki əhalinin yaşayışı üçün təhlükə tamamilə aradan qaldırıldı. Məhz, dövlətimizin başçısının Cocuq Mərcanlı kəndinin bərpası və əhalinin yerləşdirilməsi ilə bağlı 2017-ci ill 24 yanvar tarixli Sərəncamı ilə böyük qayıdış prosesinə start verildi. Eyni zamanda, Aprel döyüşlərindən sonra əli silah tutan hər bir vətəndaşımız işğal altında olan torpaqlarımızın azad edilməsi üçün mübarizəyə tam hazır olduğunu bir daha nümayiş etdirdi. Bu birlik Vətən müharibəsində düşməni əzən “Dəmir yumruğ”a çevrildi.Nəhayət, 2020-ci ilin sentyabr ayının 27-də başlanan 44 günlük Vətən müharibəsi işğal altında olan bütün torpaqlarımızın azad olunması ilə nəticələndi, tarixi zəfər, qələbə qazanıldı, ədalət bərpa edildi. Bu gün hər birimiz iftixar və qürur hissi ilə deyə bilirik:
Qarabağ Azərbaycandır!
Şəhidlər ölməz, Vətən bölünməz!
Allah şəhidlərimizə rəhmət eləsin!
Abasov Elnur İctimai Xadim